Xəbər lenti
Dünən, 19:25

  

Artıq neçə gündür ki, dünya mətbuatı Azərbaycanın da iştirak etdiyi ciddi bir skandaldan bəhs edir. Söhbət İŞİD və bu kimi terrorçu qruplaşmaların silahlandırılmasından gedir.

Yayılan məlumatlardan aydın olur ki, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ və bəzi Balkan ölkələrinin rol oynadığı bu silahlandırma prosesində Azərbaycan nəqletmə missiyasını boynuna götürübmüş. Hər halda ölkəmizə aid bir hava yolları şirkətinin fəaliyyətini əks etdirən və Bolqarıstan mətbuatı tərəfindən faş olunan sənədlər bu cür düşünməyə əsas verir.

(Daha ətraflı bu linkdə: http://ovqat.com/manset/9046-novbti-skandal-iddia-azrbaycan-terrorcu-qruplarn-silahlandrlmasnda-yer-albm.html)

Həmin sənədlərin nə dərəcədə doğru olub-olmadığı barədə, yəqin ki, ölkə rəsmilərimiz lazımi açıqlama verəcəklər. Bizi isə başqa bir məsələ maraqlandırır: Azərbaycanın dövlət sirri sayılan sənədlər mətbuata necə yol tapıb?

Yayılan məlumatlardan aydın olur ki, dünyanın bir çox dövlətlərinin iştirak etdiyi bu skandal Azərbaycanın Bolqarıstandakı səfirliyinin XİN ilə yazışmalarının ələ keçirilməsiylə ortaya çıxıb.

 

Fövqəladə və səlahiyyətli səfir Nərgiz Qurbanovanın XİN-nin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəyevə yazdığı məktubda Bolqarıstan hökumətinin öz hava sahəsindən Azərbaycana məxsus hava yolu şirkətinə məxsus təyyarələrin istifadə etməsinə icazə verdiyi yazılıb. Həmin təyyarənin keçəcəyi marşrut da göstərilib: Məzari-Şərif (Əfqanıstan) - Bakı (texniki enmə) – Leypsiq (Almaniya) – Bakı ( texniki enmə) – Məzari-Şərif (Əfqanıstan).

Aydın olur ki, bu marşrut üzrə hərəkət edən təyyarə Almaniyanın Leypsid şəhərindən Əfqanıstanın Məzari-Şərif şəhəri arasında bir ay müddətində (01-31 mart) gedib-gəlmək icazəsi alırmış. İlk baxışdan adi bir uçuşa bənzəyən bu reys, iddialara görə, Əfqanıstandakı terrorçu qüvvələrə silah daşıyırmış. Maraqlıdır ki, jurnalist araşdırmasında bu iddianı təsdiqləyən dəlillər də yer alıb və həmin hava şirkətinin eyni qaydada Suriya və Yəmənə, hətta Türkiyənin İncirlik hava limanına silah daşıdığı iddia olunur.

Sözsüz ki, iddialar doğru olsa belə, bir çox dövlətlərin terrorçuları silahlandırmasında Azərbaycan şirkətinin üzərinə düşən missiya digərləriylə müqayisədə xeyli məsumanə görünür. Hər halda silahları terrorçulara verən Azərbaycan deyil. Bizə məxsus hava yolları şirkəti, uzaqbaşı, bu alverdə sadəcə nəqliyyat vasitəsi kimi rol oynayıb. Bəlkə də sırf kommersiya maraqları xətrinə bu iş bizim şirkətə həvalə olunub. Baxmayaraq ki, Azərbaycan hava yolu şirkətləri istər Türkiyə, istərsə də qonşumuz Gürcüstanla müqayisədə xeyli bahalı xidmət göstərir və deməli kommersiya maraqlarına da cavab vermir.

Bununla belə, Azərbaycandakı hansısa maraq dairəsinin bulaşdığı bu alver ölkəmizin beynəlxalq imicinə xələl gətirir, adının istənilən vaxt terroru dəstəkləyən dövlətlər sırasına salınmasına şərait yaradır. Məntiqlə, bu qədər riskli fəaliyyət məxfi tutulmalı, dövlət sirri kimi qorunmalıydı. Azərbaycanın diplomatiyasının “kirli camaşirləri” isə, dediyimiz kimi, hazırda dünyanın bir çox mətbu orqanlarında sərgilənir.

 

Əlbəttə, bu, ilk növbədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin və XİN Dövlət Protolu İdarəsinin səhləkarlığı nəticəsində meydana gəlib. Səfir xanım Nərgiz Qurbanovanın qələmə aldığı məktubun məhdudiyyət qrifi də bu iddianı gücləndirir. Adətən, bütün dövlətlərin fəaliyyətində təsadüf olunan bu cür işlər və onunla bağlı yazışmalar “tam məxfi” qrifiylə həyata keçirilir. Nərgiz xanım isə, nədənsə, məktubu adi qriflə yazıb və görünür, sənədin başqa əllərə keçməsi bu ehtiyatsızlıqdan qaynaqlanıb.

Amma insafən, bir məsələni də vurğulamaq yerinə düşərdi ki, məktubun adi qriflə yazılması həm də səfirin sözügedən təyyarə marşrutu ilə nə daşınacağından xəbərsizliyini ortaya qoyur. Üstəlik, yazışmanın məğzindən aydın olur ki, o, Azərbaycan XİN-dən gələn bir məktuba cavabdır. Belə çıxır ki, XİN Dövlət Prokolu İdarəsinin məktubu da adi qriflə yazılıb və Bolqarıstandakı səfirimizin cavabı məhz bu səbəbdən adekvat olub. Məsələyə bu baxımdan yanaşanda Azərbaycanın dövlət sirrinin dünyanın bir çox media qurumlarında tirajlanmasında XİN Dövlət Prokolu İdarəsinin rəisi Pərvin Mirzəzadənin qəbahəti daha böyük görünür.

Bütün bu mülahizələr diplomatik savadı olmayan bir jurnalistin təxminləridir. Ümidvarıq ki, Azərbaycan rəsmiləri ölkəmizin adını biabır edən bu diplomatik skandalın əsl səbəbini dərindən araşdıracaq. Ən azı ona görə ki, məxfi diplomatik yazışmaların Azərbaycan hakimiyyətinə zərbə vurmaq məqsədilə qəsdən sızdırıldığı, dolayısıyla işin içində dövlət orqanlarına yerləşdirilmiş “5-ci kolonun” barmağı ola biləcəyi də istisna deyil.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 128          Tarix: 8-09-2017, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma