Çin ABŞ-la girdiyi ticarət müharibəsində aldığı yaraları döyüş uğuruna çevirmək əzmindədir.
Ovqat.com xəbər verir ki, rəsmi Pekinə bu uğuru qazandıran milli valyutasının - yuanın dollar qarşısında ucuzlaşmasıdır.
Devalivasiya məhsulların maya dəyərini azaltdığından, Çin bu fürsətdən iqtisadi silah kimi istifadə etməyə çalışır. Zira dolların məzənnəsinin yüksəlməsi Çin ixracatçılarının xeyrinədir: Malların dollarla daha ucuz satılmasına şərait yaradanacaq və nəticə etibarilə daha çox alıcını Çin bazarına cəlb edəcək. Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən də yuanın aprel ayından etibarən mərhələli şəkildə ucuzlaşması rəsmi Pekinin də maraqlarına uyğundur və artıq 30 oktyabr 2018-ci il tarixindən etibarən indiyə qədərki ən aşağı səviyyəyə düşüb: 1 ABŞ dolları – 7 yuan.
Bu məzənnəni psixoloji hədd hesab edən mütəxəssislər valyuta bazarında yaşananları ABŞ-ın qətiyyən istəmədiyi ssenari adlandırırlar.
Ekspertlərin fikrincə, yuanın dəyərdən düşməsinin Çin üçün başqa bir üstünlüyü də var: Trump rəhbərliyinin Çinə tətbiq etdiyi sanksiyaları etibarsızlaşdırmaq. Belə ki, dolların məzənnəsinin artması Çinli ixracatçılarına məhsullarını daha ucuz satmaq imkanı verdiyi kimi, həm də ABŞ-ın Çin mallarına tətbiq edəcəyi yeni rüsumların miqdarını da azaldacaq və əlavə xərclər iş adamlarının gözünə görünməyəcək səviyyələrdə olacaq.
Qeyd edək ki, ABŞ ilə Çin arasında "ticarət müharibəsi" Trump rəhbərliyinin bu il 23 Martda idxal polad və alüminium mallarına müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi gətirməklə başlamışdı. Çin də buna cavab olaraq, ABŞ istehsalı olan 128 adda polad və alüminium məhsullarına aprel ayından etibarən, 15% - 25% arasında dəyişən rüsum tarifləri tətbiq etmişdi. Beləcə, qarşılıqlı inadlaşma prosesinə çevrilən bu addımların hər iki tərəfin iqtisadiyyatına ciddi zərərlər vuracağı gözlənilir.
Paylaş: