Xəbər lenti

 

 

Dünya Müsəlman Alimləri Birliyi sədri Yusuf əl-Qaradavi İslam Fiqh Şurasından uzaqlaşdırılıb.

Ovqat.com xəbər verir ki, bu zamana qədər müsəlman alimlərinin ən nüfuzlusu sayılan Qaradavinin faqihliyinin əlindən alınmasının səbəbi adının Səudiyyə Ərəbistanı və müttəfiqləri tərəfindən terroru dəstəkləyənlər siyahısına salınmasıdır.

Qeyd edək ki, Qətər böhranı başlayandan sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir birgə bəyanat yayımlayaraq, Dohanın dəstəklədiyi 9 ölkədən 59 adam ilə 12 humanitar yardım təşkilatını "terror siyahısına" salmışdılar. Qaradavinin də bu siyahıya salınmasının əsas səbəbi onun Qətər vətəndaşı olmasıdır.

Yusuf əl-Qaradavi kimdir?

1926-cı il 9 sentyabr tarixində Misirin əl-Qərbiyyə bölgəsinin Şiff Turab şəhərində anadan olan Yusif əl-Qaradavi kiçik yaşlarında atasını itirib. Hələ uşaqkən Quranı əzbərləyib və əl-Əzhər liseyini uğurla bitirib. Daha sonra əl-Əzhər Universiteti Üsul-i Din fakültəsinə girən Qaradavi ali məktəbi də birinciliklə başa vurub.

1958-ci ildə Ali Ərəb Dili Araşdırmaları İnstitutundan dil və ədəbiyyat mövzusunda lisenziya alıb. Üsul-i Din Fakültəsi, Quran və sünnə Elmləri hissəsində magistraya qəbul olan Qaradavi, doktorluq işini də 1973-ci ildə eyni fakültədə tamamlayıb.

Qaradavinin elmlər doktorluğu işində araşdırma mövzusu "Zəkat və zəkatın ictimai problemlərin həllindəki yeri" məsələsilə bağlı olub.

Qaradavi 2005 və 2008-ci illərdə ABŞ-ın “Foreign Policy” və İngiltərənin “Prospect” jurnallarının internet üzərindən oxucu sorğular ilə meydana gətirdiyi Dünyanın 100 intellekti siyahısına düşmiş birisidir. O, bu siyahıda 2005-ci ildə 56-cl, 2008-ci ildə isə 3-ci yeri tutmuşdu.

Qaradavinin bu şəkildə hədəfə götürülməsi isə yeni deyil. “Ərəb baharı” prosesi zamanı Mursi hərəkatına açıq dəstək verməkdən çəkinməyən Qaradavi xüsusilə Misirin çevrilişçi hakimiyyəti tərəfindən arzulanmayan şəxs elan olunmuşdu. Hələ 2014-cü ilin sonlarında onun Misir tərəfindən İnterpolda axtarışa verilməsi də bunun ən bariz sübutudur.

Hazırda müsəlman dünyasının ən tanınmış alimlərindən olan 91 yaşlı Qaradavinin üzvlüyündən uzaqlaşdırıldığı İslam Fiqh Şurası Dünya İslam Birliyinin Ali Məclisinin qərarı ilə 1977-ci ildə qurulub.




Ana səhifəyə qayıt        Baxış: 1 430          Tarix: 9-06-2017, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma