Xəbər lenti
Vəzifədə qalıb iş adamlarına meydan oxuyanları da var...
2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan “təmizləmələr” son nəticədə qurumun birdəfəlik ləğvi ilə yekunlaşdı. Eldar Mahmudov vəzifəsini, yaxın ətrafına daxil olan MTN vəzifəliləri azadlıqlarını itirdilər. Həmin vaxt hər kəsdə belə bir əminlik vardı ki, MTN-də illərlə baş verən dəhşətlər, qanunsuzluqlar, dövlətin təməl prinsiplərinə vurulan zərbələr detallı şəkildə, hərtərəfli araşdırılacaq. İşdən kimsə yaxasını kənar saxlaya bilməyəcək. Gələn məlumatlar, “MTN işi” çərçivəsində baş tutan məhkəmə proseslərində cərəyan edənlər onu deməyə əsas verir ki, hətta əks prosesin gerçəkləşməsi də mümkündür.
Eldar Mahmudova yaxın çevrədən daxil olan məlumatda deyilir ki, sabiq nazir Badamdardakı imarətində sakit həyatını yaşayır. Hərəkət sərbəstliyi var. Kimə istəsə zəng edə, kimi istəsə imarətinə çağıra bilər.
Hətta artıq onun mühafizəçiləri də var. Məlumat üçün deyək ki, E.Mahmudov vəzifəsindən çıxarılandan sonra onun mühafizə dəstəsi, cangüdənləri, köməkçiləri də ətrafından uzaqlaşdırılmışdı. Bir müddət əvvəl sabiq nazirin cangüdənlərini, mühafizə dəstəsini də yenidən toplayıblar. Onlara elan edilib ki, əvvəlki qaydada Eldar Mahmudovun təhlükəsizliyini, mühafizəsini təmin edəcəklər.
İnandırıcı olmasa da, Eldar Mahmudovun toxunulmaz qalması onun yenidən vəzifəyə gətiriləcəyi haqda iddiaları artırıb.
Bakı Hərbi Məhkəməsində isə MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə keçirilən son prosesdə zərərçəkmiş şəxslər Zaur Əzimov və Sahib Qurbanov proses sonrası “Hürriyyət”in müxbirinə maraqlı açıqlamalar veriblər. Z.Əzimov deyib ki, MTN-in Binəqədi rayon şöbəsinin əməkdaşları onun 100 min dollar dəyərində malını və 120 min manat pulunu alıblar: “Bu pulu və malı məndən MTN-in Binəqədi şöbəsinin əməkdaşları alıblar. ”Qazel" markalı maşında 100 yeşik siqaretim olub, onu saxlayıblar. Bu hadisədən sonra ilk əvvəl malın dalınca onların yanına dostum gedib. Dostuma deyiblər ki, maşındakı narkotikdir, silahdır. Bundan sonra 3 gün gizləndim. MTN əməkdaşları məni axtarışa veriblər, evimə gəliblər, dost-tanışların evində axtarıblar, tapmayıblar. 3 gündən sonra özüm getdim. Çünki “Qazel” sürücüsünü saxlamışdılar, döymüşdülər. Ondan sonra “Şır-Şır” restoranının qabağından “Range Rover” markalı maşınımı apardılar. Daha sonra bir həftə məni orada saxladılar. Məndən 120 min manat pul aldılar, malımı da götürub dedilər ki, müsadirə olunur. Pul alandan sonra məni sərbəst buraxdılar".
Onun sözlərinə görə, ondan pul alan MTN əməkdaşları bu gün də azadlıqdadırlar və məhkəmə prosesində iştirakçı qismində deyil, şahid qismində iştirak edirlər.
Şikayətçi bildirib ki, MTN-in Binəqədi rayon idarəsinin rəisi Rafiq Səfərov məsuliyyətdən kənar saxlanılır. 
İş üzrə digər zərərçəkən Sahib Qurbanov da siqaret alveri ilə məşğul olub. O da siqareti topdan Bakıda alıb, Bakıda satışını təşkil edib. 2014-cü ildə dostu İlkini Maştağa yolunun üstündə “Qazel” maşınında siqaretlə tutublar: “Həmin vaxt şöbəyə gətiriblər. Orada dindiriləndə deyiblər ki, 60 min manat verəcəksən. İlkin şöbədən mənə zəng edib dedi vəziyyət budur, 60 min istəyirlər. Mən də MTN-in Xəzər rayon idarəsinə getdim, orada Heydər İslamov şöbə rəisi işləyirdi. O mənə dedi ki, 60 min verəcəksən. Dedim, verə bilmərəm. Dedi otur yaz, səni də bu işə cəlb edirəm. Dedim ki, məni nəyə görə tutmusan? Dedi, səni Çovdarovun yanına apararam, başa salar”.
S.Qurbanov iddia edir ki, nəticədə Heydər İslamov ondan 40 min dollar alıb: “Pulu alandan sonra malı da özünə götürdü. Üstündən 3 ay keçəndən sonra, Zaur tutulanda söhbət etməyə ora getdim. Dedilər ki, Zaur tutulacaq. Dedim, bəs tutulmaması üçün nə etmək olar? Dedi ki, pul gətirməlisən. Onlarla danışdım ki, 50 min pul verə bilərik, amma Zauru tutmayın. Dedilər, yox, özümüz Zaurla söhbət edəcəyik. Sonra mən qırağa çəkildim, onlar Zaurla söhbət etdilər. Zaur pulu verəndən sonra dostum İlkin mənə zəng etdi ki, səndə olan 60 karobka siqareti bunlar bilirlər, gətir qaytar. Mən də dedim qaytarmıram. Dedi, qaytarmasan hamımıza problem olacaq. Mən də yolda gələndə 5 karobka götürdüm. 55 karobkanı aparıb Binəqədi rayonunda şöbə rəisi olan Heydər Hacıyevə verdim. Rövşən də onun yanında idi. O, Rafiq Səfərovun bibisi oğludur, MTN-də qeyri-qanuni işləyirdi. 55 karobka siqaretimi aldılar”.
Sahib Qurbanov deyir ki, istintaq vaxtı 40 min dolların əvəzinə ona 65 min manat pul verilib: “İstintaq gedən vaxtda Rafiq Səfərov Rövşənin vasitəsilə 40 min dolların əvəzinə 65 min mənə pul verdi. Ancaq qalan 55 qutu siqaretin pulunu ala bilmirəm. Hələ də Rafiqlər, Heydərlər çöldədirlər, tutmurlar, məsuliyyətə cəlb etmirlər. Mənim pulumu qaytarmsalar, prezidentə, vitse-prezidentə, Baş Prokurorluğa təzədən şikayət edəcəm. Mən dövlətdən tələb edirəm ki, Heydər Hacıyev, Rafiq Səfərov və Heydər İslamovdan pulumu alıb qaytarsınlar”.
Zərərçəkən Zaur Əzimov deyib ki, ona qarşı vergidən yayınma ittihamı ilə də cinayət işi olub. Cinayət işi başlanmazdan əvvəl isə Vergilər Nazirliyində çalışan Eldar Mahmudovun qohumu Rüfət Əliyev vergi problemlərini həll etmək üçün ondan külli-miqdarda rüşvət alıb. Şikayət etməsinə baxmayaraq, bu gün də R.Əliyev və digərləri barəsində ölçü götürülmür: “Rüfət Əliyev məndən 300 min manat alıb. Ümumilikdə məndən 1 milyon 230 min alıblar”.
Zərərçəkənin sözlərindən belə aydın olur ki, “MTN işi” başlayandan sonra həm də vergi işinə görə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə şikayət edib. Onun sözlərinə görə, M.Nəbiyev, Zaur Əliyev, Asif Əliyev, Bəhruz Şirəliyev, Rüfət Əliyev və Qasım Əliyev barəsində vəzifə səlahiyyətlərini aşma, rüşvət alma maddələri ilə cinayət işi başlansa da, nəticəsizdir: “Günahım vardısa, mən dövlətin pulunu ödəyərdim, heç bir həbs cəzası da almazdım. Bu adamlar məndən 1 milyon 230 min manat pul alıblar, dövlətə də qəpik-quruş veriblər. Necə olur, mənim pulumu alıb 4 il barəmdə həbs qərarı verirlər, amma pulumu alanları isə həbs etmirlər. Mən cinayət etmişəmsə, bu adamların etdikləri də cinayətdir. Onların Eldar Mahmudovla qohumluqları var deyə məsuliyyətdən kənar qalmalıdırlar?”
Z.Əzimov deyir ki, məsələ ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa müraciətlər edib: “Azərbaycanda yazmadığım aidiyyəti orqan yoxdur. 10 min manat vergidən yayınması olan şəxsi dərhal həbs edirlər. Tələbim odur ki, mənə dəymiş ziyan qaytarılsın. Qaytarmırlarsa, onları da işdən qovub tutsunlar”.(musavat.com)



Ana səhifəyə qayıt        Baxış: 904          Tarix: 22-05-2017, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma