Xəbər lenti
Dünən, 19:25


Gürcüstan koronavirusun yayılması ilə bağlı Avropa İttifaqının təhlükəsiz hesab etdiyi və vətəndaşları üçün qapısını açdığı 15 ölkədən biridir. 3,7 milyon əhalisi olan ölkədə 1000-dən az insan xəstələndi və onlardan cəmi 15-i dünyasını dəyişdi. Maraqlıdır, ən yaxın qonşularında koronavirus qurbanlarının sayının günbəgün artdığı və sərt karantin rejiminin davam etdiyi halda, Gürcüstan hökuməti bu nəticəni necə əldə etdi?
Müqayisə üçün deyək ki, təxminən eyni sayda əhalisi olan qonşu Ermənistanda hər gün yüzlərlə yeni yoluxma qeydə alınır. Ölkədə koronavirus xəstələrinin ümumi sayı 26 mini, ölənlərin sayı isə 500-ü ötüb.
 
Necə başladı?

Mart ayının ortalarına qədər bütün məktəblər, universitetlər və müəssisələr qapadıldı, ictimai nəqliyyat dayandırıldı. Martın 21-də fövqəladə vəziyyət rejimi elan olundu, kütləvi tədbirlər və şəhərdən-şəhərə səyahət qadağan edildi. Gecələr isə komendant saatı tətbiq olundu.
Aprelin 19-da – Gürcüstanda əsas dini bayram olan pravoslav Pasxası zamanı hökumət şəxsi nəqliyyat vasitələrindən istifadəni və qəbiristanlıq ziyarətlərini qadağan etdi.
Gürcüstanın Baş naziri Giorgi Qaxariya BBC-yə açıqlamasında pandemiyanı necə məğlub etdiklərinə aydınlıq gətirib: “Pandemiya təhlükəsi haqda Gürcüstanda ilk yoluxma halı təsdiqlənəndən bir ay əvvəl düşünməyə başladıq. Ölkəmizin spesifik xüsusiyyətlərini, xüsusən də harada yerləşdiyini və böyük olmadığını nəzərə alaraq başqalarının təcrübəsindən istifadə edə bilmədik”.
Hökumət üçün tövsiyələrin hazırlanmasını, vətəndaşlara COVID-19-la bağlı vəziyyət barədə mütəmadi məlumat vermək öhdəliyini Milli Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzinin aparıcı alimləri üzərinə götürdü.
Yeri gəlmişkən, bu mərkəzə tabe olan Luqar adına (mərhum ABŞ senatoru, kütləvi qırğın silahlarının aradan qaldırılması üçün postsovet ölkələrinə kömək məqsədi daşıyan Nanna-Luqar proqramının həmmüəllifi Riçard Luqar) laboratoriya 2017-ci ildə Rusiya dezinformasiya kampaniyasının hədəfinə çevrilmişdi.
Sonradan təkzib olunan məlumatların müəllifləri iddia etmişdilər ki, həmin laboratoriya ABŞ-ın maraqları çərçivəsində bioloji silahlar üzərində gizli araşdırma aparır.
 
“Üç muşketyor”…

Gürcüstanın koronavirusla mübarizəsinə rəhbərlik edən məhz bu laboratoriyanın mütəxəssisləri oldu. Pandemiya ilə mübarizədə uğurlu taktika seçdiklərinə görə Gürcüstan sakinləri “üç müşketyor” adlandırdıqları bu 3 elm adamına minnətdardılar.
Üçlüyə Milli Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Luqar Laboratoriyasının rəhbəri Paata İmnadze və Gürcüstanın baş virusuloqu, Tbilisi Yoluxucu Xəstəliklər, QİÇS və İmmunologiya Mərkəzinin direktoru Tengiz Tsertsvadze daxildir.
Qrupda həmçinin Tbilisidəki ilk universitet xəstəxanasının direktoru Levan Ratiani də var. O, gündəlik brifinqlərin təşkili ilə məşğul olub. Digər populyar şəxs Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi, koronavirusa qarşı kampaniyanın ictimai simasına çevrilmiş Marina Ezuqbayadır. Bu mütəxəssislər Gürcüstanda əsl qəhrəman oldular və onların tövsiyələrinə diqqətlə əməl edildi.
“Hər milyon nəfərə təxminən 30 min test keçirdik. Xəstələrin 86 faizi sağaldı. Təəssüf ki, 15 nəfər öldü. Ölüm nisbəti 1,6 faizdir ki, bu da dünyadakı rəqəmlərə görə çox azdır”, – Amiran Qamkrelidze əldə edilən nəticələrdən danışarkən deyib.
Hazırda Gürcüstanda COVID-19 üçün testlərin keçirildiyi 19 laboratoriya var. Gürcüstan hökuməti tövsiyələrə ciddi əməl etdiklərinə görə əhaliyə təşəkkür edib. Qaydalara əməl olunmasının bir səbəbi də karantini pozmağa görə ciddi cərimələrin tətbiqi idi. Fiziki şəxslər üçün cərimə 1000, sahibkarlar üçün isə 3000 dollardan çox idi.
Pandemiya ilə mübarizə çərçivəsində bütün avtobus dayanacaqlarında “Evdə qalın” xəbərdarlığının yer aldığı lövhə yerləşdirildi. Mobil operatorlar isə bunu müştərilərin telefonlarına göndərdi.
 
Uğurun sirri…

Gürcüstan cəmiyyətində siyasi məsələlərdə çox dərin ziddiyyətlər olsa da, insanlar pandemiyaya qarşı mübarizədə birləşdilər.
“Gürcüstan xalqının əməkdaşlıq etməyə hazırlığı, nümunəvi sosial məsuliyyəti, bütün qaydalara və tövsiyələrə riayət etməsi xəstəliklə mübarizəyə kömək etdi”, – Baş nazir Qaxariya bildirir.
Ən böyük sınaq Pasxa bayramı günü olub. Ölkə daxilində minlərlə insanın gecə kilsəyə axın etməsi qorxusu olsa da, fərqli mənzərə yaşanıb. Ölkədə nüfuz sahibi olan Gürcüstan Pravoslav Kilsəsi dini ritualları tam olaraq yerinə yetirib. Lakin insanların çoxu elm adamlarının məsləhətlərinə qulaq asaraq evdə qalıblar.

Gürcüstanda bir çox müəssisə, mağaza və restoran artıq fəaliyyətə başlayıb. Lakin insanların sıx olduğu məkanlarda maska taxmaq məcburidir. Sosial məsafə və ictimai tədbirlərə məhdudiyyətlərlə bağlı ciddi qaydalar mövcuddur.
Gürcüstan hökuməti iyulun 1-dən ölkə sərhədlərini xarici vətəndaşlara açmağı planlaşdırmışdı. Lakin qərarı təxirə salmalı oldu. Bu səbəbdən bu il turizm sektorunun perspektivləri solğun görünür.
Milli Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirir ki, Gürcüstan qonşu ölkələrin fonunda rifah adası kimi görünür: “Lakin bu, arxayınlaşmaq üçün əsas vermir. Gündəlik yoluxma sayının tək rəqəmlə ölçülməsi bizi rahatlatmamalıdır. Daima hazır vəziyyətdə qalmalıyıq”.
Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 904          Tarix: 7-07-2020, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma