Xəbər lenti

“Fransa canfəşanlıqla dünyadakı münaqişələrin həllində fəal rol oynamağa çalışır. Təkcə Qafqazda deyil, Afrikada, Asiyada, digər qitələrdə Fransanın aktivliyini görürük”.

Bunu Oxu.Az-a Fransa Prezidenti Emmanuel Makronun ötən gün baş tutan 59-cu Münhen Təhlükəsizlik Konfransında çıxışından danışarkən politoloq İlqar Vəlizadə deyib. O qeyd edib ki, Qafqazda, ümumiyyətlə post-sovet məkanında Fransa fəallığını artırmağa çalışır:

“Rusiya və Ukrayna müharibəsinin müxtəlif mərhələlərində də Fransanın canfəşanlığını görmüşük. Gah vasitəçilik etməyə, gah da tərəfləri danışıqlara cəlb etməyə çalışırdı. Son nəticədə reallıq o idi ki, Türkiyənin rolu daha çox oldu və bu proseslərdə daha aktiv, vacib vasitəçiyə çevrildi.

Bizim regionumuzda da gərginlikdən istifadə edərək nüfuzunu artırmaq məqsədi güdən Fransa Rusiyanın vasitəçiliyini ikinci plana salmaq istəyir. Bu məqsədlə Makron Rusiyaya qarşı kəskin ittihamlar səsləndirib dünyanın diqqətini çəkməyə çalışır. Əslində, Fransanın məqsədi Ermənistanın mövqeyini müdafiə etməkdir. Fransa Brüsselin təşəbbüsü ilə aparılan danışıqlara qoşulub, amma bu cəhdi də uğursuz olub.

Fransa prezidentinin çıxışı daha çox öz uğursuzluqlarını ört-basdır etmək, Rusiyanın boynuna yıxmaqla Fransanın rolunu qabağa çıxarmaq niyyəti daşıyır. Bir çox münaqişələrin iştirakçısı olan Rusiya ümumilikdə bir çox dövlətlər tərəfindən ittihamlara məruz qalır. Bu, haradasa başadüşüləndir. Amma konkret olaraq, Makronun məqsədi önə çıxmaq üçün əvvəlki uğursuz cəhdlərinə bəraət qazandırmaqdır”.

Emmanuel Makronun çıxışlarına Rusiyanın hansı reaksiyanı verəcəyinə gəlincə, İlqar Vəlizadə hesab edir ki, Rusiya Fransaya müstəqil oyunçu kimi yanaşmır:

“Ona görə burada daha çox Rusiya ilə Qərb arasındakı münasibətlərdən danışmaq lazımdır. İki böyük güc arasında gərginlik qalacaq, strateji baxımdan vəziyyət dəyişməyəcək. Rusiya və Qərb arasındakı gərginliyin açıq müharibəyə sürüklənməsinin ehtimalı böyük deyil. Qərb də, Rusiya da müəyyən ortaq məxrəcə gəlməyə çalışır ki, buradan başlayaraq danışıqlar aparsınlar. Fransa isə bu məsələlərdə müstəqil rol oynamır. Makronun addımlarının və bəyanatlarının siyasi proseslərə ciddi təsiredici tərəfi yoxdur. Düşünürəm ki, Rusiya Makronun fikirlərinə ötəri baxacaq”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron konfransda rəsmi Moskva ilə bağlı sərt mövqe nümayiş etdirərək müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Makron indi Rusiya ilə dialoq zamanı olmadığını deyib.

Fransa prezidentinin Rusiya haqqında ittihamları bununla da yekunlaşmayıb. O, Qafqazın problemlərini Rusiyanın həll edəcəyinə heç kimin inanmadığını söyləyib. E.Makron Ermənistanın yanında dayanmağa davam edəcəyini açıq-aşkar bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 3 138          Tarix: 18-02-2023, 13:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma