Rusiya prezidenti Vladimir Putin hələ də bütün Ukraynanı işğal etmək niyyətindədir, lakin Kreml bu niyyəti mümkün olduğu qədər gizlətməyə çalışır.
Ovqat.com-un məlumatına görə, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin hazırladıqları hesabatda bu barədə bildirilir.
Rusiya prezidenti Putinin avqustun 15-də “Ordu-2022” forumundakı çıxışını şərh edən hesabatda vurğulanır ki, Kremlin strateji məqsədləri dəyişməz olaraq qalır. “Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın əksər hissəsinə ərazi nəzarətini təmin etmək”, - deyən ISW analitiklərinin fikrincə, Putin administrasiyası hələ də bu hədəflərindən vaz keçməyib.
Analitiklər xatırladırlar ki, Putin “Ordu-2022” forumunda çıxış edərkən, yalnız Donbassın adını çəkib, Rusiya və “Donbass” qüvvələrinin Rusiya uğrunda döyüşdüklərini və bölgəni “faşistlərdən təmizlədiklərini” iddia edib. Bundan başqa, Putin Rusiyanın Ukraynadakı müharibəsinin məqsədlərini təsvir edərək də Donbassdan başqa ərazilər barədə heç bir kəlmə kəsməyib.
"Rusiyanın məqsədləri ilə bağlı bu cür məhdud bəyanat Kremlin əvvəllər tərtib etdiyi Ukraynanın "denazifikasiyası" və "demilitarizasiyası" kimi hərbi məqsədləri ilə kəskin ziddiyyət təşkil edir. Putinin bəyanatı həm də Rusiyanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin Rusiyaya birləşdirilməsi istiqamətindəki hərəkətləri ilə də bir araya sığmır”, - hesabatda vurğulanır.
Ovqat.com-un şərhi
Hesabatdan belə anlaşılır ki, Putin Rusiyası Ukrayna savaşında 3-cü dəfə hədəf dəyişikliyinə gedib. Məlum olduğu kimi, müharibənin başlanğıcında Kreml bütün Ukraynanı hədəf seçərək bu ölkəni “faşist”lərdən (yəni milli qüvvələrdən) təmizləyəcəyini bildirir və dolayısıyla hakimiyyətə özünün 5-ci kolonunu gətirəcəyinə eyham vururdu. Ukraynalıların rus ordusunu ölkənin iri şəhərlərinin həndəvərənə qədər buraxması və şəhər müharibəsi yöntəmləri ilə işğalçıları darmadağın etməsi Kremli bu strategiyadan vaz keçmək məcburiyyətində buraxdı.
Rusiya ikinci mərhələdə əslində məqsədlərinin Ukraynanın şərqini və cənubunu tutmaq olduğunu bəyan edərək Kiyev və Xarkovdan çəkildi, yeni hədəfləri istiqamətində hücumlarını genişləndirdi. Ukrayna Silahlı Qüvvələri isə bu mərhələdə şərq cəbhəsini qismən boş buraxaraq bütün diqqətlərini bir istiqamətə - cənuba yönəltdi. Xüsusilə Xerson və Krım yarımadasına sarsıdıcı zərbələr endirərək, Rusiya üçün olduqca təhlükəli perspektiv meydana gətirdi. Zənnimizcə, Ukrayna Ordusunun avqustun 9-da Novofedorovka hərbi aerodromuna dəqiq zərbələri Kremlə əsas hədəfin Krım olduğu mesajını verirdi. Baxmayaraq ki, rəsmi Kiyev həmin vaxt bu hücumun məsuliyyətini öz üstündən atmağa çalışır və partlayışların rusların öz texniki səhvi ucbatından çıxa biləcəyi versiyasını irəli sürürdülər.
“Krımda baş verən güclü partlayışlar Rusiya ordusunda səmərəsiz idarəçiliyin nəticəsi ola bilər”, - Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak “Dojd” telekanalının efirində belə demişdi. Fəqət daha sonra Novofedorovka hərbi aerodromundakı dağıntıların miqyası açıqlandıqca, bütün bu təxribatların bir neçə aviasiya bombasının təsadüfən partlamasının nəticəsi ola bilməyəcəyi həqiqəti ortaya çıxdı. Çünki bu partlayışlar nəticəsində Novofedorovkada ən azı 9 rus təyyarəsi sıradan çıxmış, hərbi bazadakı silah-sursat anbarı partlamış, aerodrom istifadə edilməz hala düşmüşdü. Sözsüz ki, bütün məqsədyönümlü dağıntılar təsadüf əsəri ola bilməzdi.
]
Bəlkə də məhz bu səbəbdən, sözügedən faktların ortaya çıxmasının ardınca, Ukrayna Ordusunun hansı mərmidən istifadə etdiyi müzakirə mövzusuna çevrildi. “RBC-Ukrayna”nın məlumatına görə, aerodromun yerləşdiyi Saki rayonuna çata bilən yeganə Ukrayna silahı “Qrom” operativ-taktiki raket kompleksi ola bilərdi. “Bu raket 50 ilə 280 km məsafədə stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bəzi hallarda atəş məsafəsi 450-500 km-ə qədər artırıla bilər. Hansı ki, Xerson və Nikolaev bölgələrindəki cəbhə xəttindən Novofedorovkaya qədər olan məsafə təxminən 200 km-dir”, - deyə sayt bildirirdi.
Göründüyü kimi, Ukrayna rəsmiləri Rusiyanın hərbi qüruruna toxunmamaq üçün ehtiyatı əldən vermək istəməsələr də, məsələ aydın idi. Novofedorovka aerobazasını ukraynalılar vurmuşdu və bunu açıq şəkildə bəyan etməmələrinin digər səbəbi də mesajı məhdud çevrəyə - konkret desək, Kremlə çatdırmaq idi.
Fikrimizcə, Ukraynanın bu ehtiyatlı davranışı ABŞ-ın təcrübəli və nüfuzlu streteqi Henri Kissingerin tövsiyələrindən irəli gəlirdi. Məlum olduğu kimi, Kissinger bu yaxınlarda ABŞ mediasına verdiyi müsahibəsində Rusiyanın Ukrayna ilə müharibədən məğlub ayrılmasının mümkünsüzlüyünü irəli sürür, bir növ, onun hərbi qüruruna toxunmamaq üçün hansısa torpaq parçasından Moskvanın xeyrinə vaz keçilməsini məsləhət görürdü. Çünki Kreml də daxili auditoriya üçün “qələbə qazandıq və bizim məqsədimiz də zatən bu idi” yalanını uydurmalı idi.
Maraqlıdır ki, Putinin hədəf kimi yalnız Donbassın adını çəkdiyi və ISW analitiklərinin də diqqətini cəlb edən “Ordu-2022” forumunda çıxışı da məhz bu hücumdan təxminən 6 gün sonra səsləndirilmişdi. Belə görünür ki, Rusiya Ukrayna məsələsində növbəti güzəştə - sülh üçün hədəfini daraldaraq Donbassla kifayətlənə biləcəyinə işarə vurmaq istəyirdi.
Putinin məlum çıxışından 1 gün sonra - avqustun 16-da Krımın Cankoyski rayonunun Azovskoye kəndindəki hərbi hissədə silah-sursat anbarında yeni partlayışların baş verməsi isə onu göstərir ki, Ukrayna və tərəfaşları Rusiyanın bu güzəştinin yetərli olmayacağını Kremlin diqqətinə çatdırıblar. Qeyd edək ki, Krım Tatar Xalqı Məclisinin sədri Refat Çubarov da avqustun 16-da baş verən partlayış zamanı Azovskoye kəndindəki rus hərbi hissəsinin silah-sursat anbarının hədəfə alındığını təsdiqləyib. O bildirib ki, rus qoşunları partlayışların episentrindən 5 kilometr radiusda zonanı mühasirəyə alıb və dinc əhalini təxliyə ediblər.
Bütün bu hadisələrin analizindən ortaya çıxan nəticə: Rusiya ilə Qərb ölkələri əslində Ukrayna ilə bağlı “sülh danışıqlarına” başlayıblar. Sadəcə olaraq bu “danışıqlar” hələ güc nümayişini əyani şəkildə göstərmək və bombaların dili ilə davam edir. “Danışıqların” daha yumşaq formaya keçməsi, təbii ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü tanımasından sonra baş verə bilər.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: