Xəbər lenti


II Hissə 

 

(I Hissə İranın xarici siyasətini kim müəyyən edir? - SEPAH-ı ön plana çıxaran amillər

 

Keçmiş Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin 2021-ci ilin aprelində yayılmış qapalı müsahibəsi Ruhani hökuməti dönəmində xarici siyasətə dair iki baxışın mübarizəsinin bütün dramatizmini üzə çıxarır. Həmin müsahibədə Zərif açıq şəkildə deyir ki, İran xarici siyasətində “meydan” (hərb meydanı) diplomatiyaya üstün gəlib. O təəssüf hissi ilə bildirir ki, bütövlükdə İran cəmiyyətində meydan təfəkkürü, “qəhrəman obrazı” hakimdir, bu da Qərblə dialoqu çətinləşdirir. Bununla bağlı o, 2015-2019-cu illərdə ictimai rəy sorğularında öz reytinqinin 90%-dən 60%-ə düşdüyünü, Süleymaninin populyarlığının isə, əksinə, 90%-ə qalxdığını qeyd edir.

 

XİN ↔ Sepah

 

Zərif bildirir ki, İranda son illər “diplomatiya meydana” qurbanlar verib,  amma əvəzində heç nə almayıb. Misal olaraq, qeyd edir ki, Süleymani ondan, Lavrovla görüşdə hansısa məsələləri əldə etməyi istəyib, amma qarşılığında XİN “meydandan” bir “pay” belə almayıb. Başqa bir nümunə: ABŞ dövlət katibi C.Kerri 2016-cı ildə Zərifə bildirmişdir ki, “Iran Air” dövlət şirkətinə qarşı sanksiyalar götürüldükdən sonra şirkət təyyarələrinin Suriyaya uçuşların sayı 6 dəfə artmışdır. Sonradan məlum oldu ki, məsələdən nə prezidentin, nə də nazirin xəbəri yox idi və hər şey Süleymaninin təzyiqi ilə həll olunmuşdu. Digər fakt: 2019-cu ilin fevralında Suriya prezidenti B.Əsədin Tehrana gələrək İran rəhbərliyi ilə görüşməsini Zərif hamı kimi televiziyadan öyrənmişdir. Səbəb: görüşün təşkilatçısı XİN yox, Süleymani olmuşdur. Bu hadisədən sonra Zərif nazir postundan istefa vermək istəmiş, lakin prezident Ruhani onun istefasını qəbul etməmişdi.

 

XİN rəhbərliyində Sepah kadrları

 

2021-ci ildə İ.Rəisinin prezident seçilməsindən sonra hökumətdə olduğu kimi, xarici siyasətdə də Sepahın mövqeyi son dərəcə gücləndi. Əlbəttə, bu, yeni prezidentin öz seçimi deyildi, Rəisinin təkidlə bu posta gətirilməsinə çalışan ali rəhbərin və onun yaxın ətrafının planı idi. Sepah üzvləri təkcə vitse-prezident və nazir postlarına yiyələnmədilər, həm də XİN rəhbərliyinə gətirildilər. Təsadüfi deyildi ki, Hüseyn Əmir-Abdullahiyanın Xarici İşlər naziri təyin olunmasını bir çox İran şərhçiləri “meydan və diplomatiyanın birləşməsi” kimi dəyərləndirmişdilər.

 

Əmir-Abdullahiyan Sepahın, daha dəqiq desək, onun xaricdə əməliyyatlar həyata keçirən “Qüds” qüvvələrinin İran diplomatik dairələrindəki təmsilçisi kimi tanınır. Bəziləri əbəs yerə onu “İranın sərt gücünün yumşaq üzü” kimi təqdim etmir. O, Sepahın və onun proksi qruplaşmalarının regiondakı (İraq, Suriya, Livan, Yəmən və s.) aqressiv fəaliyyətlərini dəstəkləyən bir şəxsdir. Bu üzdən onu İranda “müqavimət oxunun diplomatı” da adlandırırlar. Onun general Q.Süleymani ilə yaxın münasibətlərə malik olduğu da məlumdur. Görünür, hələ M.Əhmədinejadın dövründə XİN-də region üzrə müavin vəzifəsinə təyin olunan Əmir-Abdullahiyan məhz “Sepah”ın dəstəyi ilə H.Ruhani dönəmində bir neçə il vəzifəsində qala bilmişdi. 

 

2016-cı ilin iyununda onun bu vəzifədən uzaqlaşdırılması sərt xətt tərəfdarlarının, o cümlədən Süleymaninin narazılığı ilə qarşılanmış, qalmaqallı bir hadisəyə çevrilmişdi. Görünür, Əmir-Abdullahiyanın özü də bu addımdan çox narazı qalmış və ona görə də Zərifin təklif etdiyi Omanda səfir vəzifəsindən imtina edərək, XİN sistemindən uzaqlaşmışdı. XİN-ə rəhbər kimi qayıdana qədər o, İran parlamenti sədrinin beynəlxalq əlaqələr üzrə köməkçisi və Məclisin beynəlxalq münasibətlər şöbəsinin rəisi vəzifəsini tutmuşdu.

 

Diplomatiyanın iflası

 

İ.Rəisi qonşu dövlətlərlə münasibətlərin inkişafını xarici siyasətdə prioritet elan etsə də, Əmir-Abdullahiyanın rəhbərlik etdiyi XİN bu yöndə nəinki uğur qazanmayıb, hətta əvvəllər normal olan əlaqələrin də korlanmasına “nail olub”. Son günlər İranın nüfuzlu “Xəbər-onlayn” saytı Rəisinin qonşuluq siyasətinin iflası anlamına gələn analitik məqalə dərc edib. Sepahın İran xarici siyasətinə hədsiz təsirinin nəticəsi olan bu reallığa ən bariz nümunə isə Azərbaycanla getdikcə gərginləşən münasibətlərdir.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 5 935          Tarix: 1-02-2023, 07:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma