Xəbər lenti


 

Dünən İsrail-Fələstin arasında baş verən müharibədə 100-lərlə ölən və minlərlə yaralanan var. İsrail mərkəzli Kanal 12 televiziyasının bildirdiyinə görə, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının blokada altındakı Qəzza zolağından İsrailə qarşı başlatdığı “Əqsa tufanı” adlı hücumda ölənlərin sayı, 300-ə yüksəldi, yaralıların sayı isə 1100 nəfəri keçib. Təbii ki, bu, yalnız İsrailin itkilərinin sayıdır. Fələstin tərəfində də ciddi itkilər var. Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 232 nəfərin həyatını itirdiyini, 1697 nəfərin isə yaralandığını açıqlayıb. Savaş davam etdikcə, itkilərin sayı da artacaq. Savaşın isə yaxın zamanlarda bitmə ehtimalı yoxdur. Bəzi mütəxəssislərə görə, bu qanlı hesablaşmalar həftələrlə, hətta aylarla sürə bilər.

 

Bəs bu silahlı toqquşmalar hansı səbəbdən çıxdı?

 

HƏMAS tərəfinin verdiyi açıqlamada İsrailin Əqsa məscidində müsəlmanlara qarşı apardığı təxribatların qisasının alınması cəhdi savaşın əsas səbəbi olaraq göstərilir. Əməliiyat da guya, məhz bu səbəbdən “Əqsa Fırtınası”  adlandırılıb. Amma bu qisas həmin təxribatları dayandıra bilərmi? Fikrimizcə, yox. Əksinə, dünən yaşanan insident yəhudi ekstrimistlərini daha da qəzəbləndirəcək,  yəqin ki, yaxın günlərdə Qüdsdə və digər bölgələrdə daha intensiv qarşıdurmalarla üzləşəcəyik. Deməli, HƏMAS-ın əsl məqsədi ya bu gərginliyi ortadan qaldırmaq deyildi, ya da onun planları əks nəticə verəcək. 

 

Üstəlik, silahlı qrupların dünən mülki, hərbi hədəf gözləmədən qarşılarına çıxan hər kəsi öldürməsi və ya əsir götürməsi dünya ictimai rəyində fələstinliləri haqlı olduqları bir savaşda haqsız duruma düşürəcək. Bunu yəqin ki, son hücumları planlaşdıranlar da bilməmiş deyildilər. Belə çıxır ki, məqsəd Əqsa məscidinin qisası olmayıb.

 

Bəs əsl məqsəd nə ola bilərdi?

 

Zənnimizcə, bu sualın cavabı “Əqsa fırtınası” əməliyyatının gözlənilən nəticələrində ortaya çıxacaq. Zira böyük güc mərkəzləri tərəfindən ən incə detallarına qədər düşünülərək hazırlanmış bu cür əməliyyatlarda adətən hədəflənən məqsədlərə çatılır və proseslər arzulanan istiqamətə yönləndirilir.

 

O zaman növbəti sual ortaya çıxır: İsrail-Fələstin müharibəsi hansı nəticələri doğura bilər?

 

Ərəb-yəhudi yaxınlaşması projesinə son 

 

İlk növbədə bu insident son zamanlar təməlləri atılan İsrail-Ərəb yaxınlaşması üçün qırılma nöqtəsi kimi tarixə düşəcək və Yaxın Şərqin iki aktoru arasında yaşanan gərginliyi qalıcı hala gətirəcək. 

 

Məlum olduğu kimi, ABŞ tərəfindən hazırlanıb region dövlətinə təqdim olunan “İbrahim oğulları sözləşməsi” projesi çərçivəsində İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşması prosesi gedirdi. BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb ölkələri ilə İsrail arasında bəzi danışıqlar aparılmış, hətta əməkdaşlıq barədə sazişlər imzalanmış, bir sıra ərəb ölkələri ilə İsrailin diplomatik əlaqələri bərpa olunmuşdu. Son hücumların ardından bu əlaqələri sürdürmək mümkün olacaqmı? Nə yazıq ki, bu suala müsbət cavab vermək çətindir. Əksinə, həmin ərəb dövlətləri iki daş arasında qalacaq, ya İsrailin Qəzza ətrafında aparacağı antiterror əməliyyatına laqeyd yanaşacaq, ya da Fələstini dəstəkləyərək İsraillə yaxın münasibətləri kəsməli olacaqlar

 

Dəhlizlər uğrunda savaş

 

Ərəb-İsrail xəttində bu gərginliyin yaranması bir sıra beynəlxalq layihələrin də taleyini sual altında qoya bilər. Xüsusilə “Baharat yolu” layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin bu insidentdən sonra yaşamaq imkanı yoxdur. Qeyd edək ki, Hindistanda keçirilən son G-20 sammitində ABŞ-ın dəstəyi ilə region dövlətlərinin imzaladığı sazişə əsasən, bu dəhliz Hindistandan başlayıb BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail üzərindən keçərək Yunanıstana, ordan isə Avrpanın digər ölkələrinə uzanacaqdı. Dəhlizin əsas cazibədar tərəfi isə digər alternativlərindən fərqli olaraq, siyasi sabitliyin hökm sürdüyü coğrafiyalardan keçməsi idi. Yaxın Şərqin ən uc nöqtəsi olan İsraildə başlayan savaş istər-istəməz bu dəhlizin ən böyük avantajını – siyasi sabitliyi ortadan qaldırdı. Ən pisi isə o oldu ki, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya ilə İsrail arasında normallaşma prosesi də ciddi zədə aldı. İsrailin Fələstinə qarşı hərbi əməliyyatları davam etdikcə (ki, Tel-əvivin başqa seçənəyi də yoxdur), bu ərəb dövlətlərinin onunla münasibətlərinin davam etdirməsi mümkünsüz görünür. Əks halda, sözügedən ərəb ölkələrinin əhalisi öz rəhbərlərinin İsraillə əlaqələrini Fələstinə xəyanət kimi qiymətləndirə və ayağa qalxa bilərlər. Bu da, Yaxın Şərqdə yeni ərəb baharı inqilablarının yenidən başlanması deməkdir və bəlkə də, məlum savaşı çıxaran güc mərkəzlərinin əsas hədəflərindən biri də elə budur.

 

Növbəti sual: Bəs bu durumun yaranması kimin maraqlarına uyğundur?

 

Əlbəttə ki, ilk növbədə İranın. Çünki son G-20 sammitinə qədər İran “Baharat yolu” sazişinə əsas iddiaçılardan biri idi. Tehranın planlarına görə, bu marşrut Hindistandan başlayıb İrandan keçərək Ermənistana, ordan Gürcüstana və Qara dəniz vasitəsilə Avropaya çıxmalı idi. Lakin 2020-ci ildə Azərbaycanla Ermənistan arasında baş verən II Qarabağ müharibəsi İranın bu planını böyük ölçüdə sual altına qoydu. Çünki İranın üzərində dayandığı layihədə “Baharat yolu” Zəngəzurdan keçirdi. Zəngəzur yolunun Gorus-Qafan hissəsi isə Azərbaycana məxsus torpaqlar üzərindən salınmışdı və Ordumuz 44 günlük müharibədən sonra həmin ərazini işğaldan azad etmişdi. Beləcə, İranın böyük ümidlər bəslədiyi keçid xətti xəyalları da puç oldu. Ermənistanın bu xəttə alternativ kimi təqdim etdiyi digər marşrut isə dolanbac, darısqal  və təhlükəli yollardan keçir. Üstəlik, payız və qışın aylarında buz bağlayır və tranzit xətti kimi əlverişsiz hala düşür. 

 

Zəngəzur dəhlizi

 

Ən əsası isə həmin marşrut üzərində dəmir yolu da yoxdur və onu çəkmək böyük vəsait tələb edir. Düzdür, Avropa İttifaqı Ermənistana bunun üçün 2.5 milyard dollar ayırmağa hazır idi, lakin yolun taleyinin qeyri-müəyyənliyi və Rusiyanın Zəngəzur bölgəsində Azərbaycana qarşı erməni terrorçu dəstələri yaratması və dəstəkləməsi həmin ərazilərdə təhlükəsizlik problemləri yaradırdı. Hər bir investor kimi, Avropa İttifaqı da təhlükəli ərazilərə kapital yatırmaq istəməzdi və istəmir də.

 

Başlıca problemlərdən biri də İranın təklif etdiyi bu projenin iqtisadi cəhətdən rentabelli olmamasıdır. Həmin yol çəkiləcəyi təqdirdə Zəngəzurun başlanğıcından Gürcüstanın Poti limanına qədər 1000 km-dən çox məsafəni əhatə etməli idi. Halbuki, Azərbaycanın təklif etdiyi Beyləqan-Poti limanı arasındakı məsafə 780 km-dir. Və bu yol hər hansı dolanbac dağ yollarından da keçmir. Yaxud Naxçıvan üzərindən Ermənistana çıxış və ordan Poti limanına getmək cəmi 740 km. edir. 

 

Üstəlik, Naxçıvan marşrutu üzərində dəmir yolları çəkmək də asandır və hazırda belə, Bakı-Tbilisi-Qars dəmir yolu işləyir. Naxçıvandan Türkiyə və Ermənistan sərhədlərinə qədər dəmir yolu xətti (110 km) isə bərpa olunur. Zəngəzur dəhlizi adlanan bu yolun işə düşməsi üçün Türkiyədə cəmi 224 km uzunluğunda dəmir yolu çəkməklə İrandan keçən malları rahatlıqla Hopa limanına daşımaq olar. 

 

Bundan əlavə, Rusiyanın Qara dəniz hərbi donanmasını Gürcüstandan işğal etdiyi Abxaziyanın Oçamçir limanına yerləşdirməklə faktiki olaraq Poti limanını nəzarət altına almış oldu. Gürcüstan hökuməti isə öz əraziləri uğrunda Rusiya ilə döyüşmək və ikinci cəbhə açmaq istəmir. Haqsız da deyil. Ukrayna təcrübəsi ona “qaş düzəldərkən göz çıxarmaq” ehtimalının da güclü olduğunu göstərir. Belə vəziyyətdə istər Çinin “Bir Kəmər, Bir Yol”, istərsə də Hindistanın “Baharat yolu” üçün ən güvənli və qısa dəhlizin Azərbaycan və Türkiyədən keçməsini şərtləndirir. İran isə bu zamanadək israrla Ermənistan xəttini tələb edir və guya “minillik qardaşı”na qahmar çıxırdı. Əslində isə məqsədi İrəvanı dəstəkləmək görüntüsü yaradaraq onu bu dəhlizdən uzaq tutmaq və hər iki layihəni öz ərazisindən çəkmək idi. İsraillə Fələstin savaşından bir gün əvvəl İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın Azərbaycana gəlməsi və ölkəmizin Baş nazirinin müavini Şahin Mustafayevlə bərabər Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında nəqliyyat körpüsünün təməlatma mərasimi keçirməsi cənub qonşumuzun öz məqsədinə böyük ölçüdə yaxınlaşdığını göstərirdi. Təməlatma mərasimindən sonra onun qarşısında dayanan ən böyük problem “Baharat yolu”nun Hindistan-Yaxın Şərq-Avropa marşrutu layihəsini gündəmdən çıxarmaq ola bilərdi və təsadüfi deyil ki, bir gündən sonra İrana bağlılığı şübhə doğurmayan HƏMAS məlum hücuma başladı. Bununla da İran bir daşla iki quş vurdu; həm alternativ layihənin keçəcəyi marşrutun düşünüldüyü qədər təhlükəsiz olmadığını göstərdi, həm də marşrut üzərində yerləşən ölkələr arasında onsuz da kövrək təməllər üzərində oturan əlaqələri uzunmüddətliyə qopardı.

 

İranın Aralıq dənizinə çıxan marşrutu

 

Zənnimicə, İranın bir başqa məqsədi də var, bu da əslində bir başqa nəqliyyat dəhlizi ilə əlaqədardır. Məlum olduğu kimi, İranın Avropaya və Yaxın Şərqə açılan digər qapısı İraq və Suriya üzərindən Aralıq dənizinə çıxışdır. Bu marşrutda həmçinin Livanla da birbaşa əlaqə qurula bilir. 

 

İranı Şərqi Aralıq dənizinə bağlayan dəhliz iki əsas xəttə bölünür - şimal və cənub marşrutuna. Şimal marşrutu İraqdakı kürd bölgəsindən Kərkükə , Kərkükdən Ərbilə, oradan Mosul və Rabiyaya keçir. M4 avtomobil yolu ilə Suriya ərazisində Türkiyə sərhədi boyunca ona paralel olaraq uzanır. Yol daha sonra Hələbə, ordan Latakiya limanına və İran-Rusiya hərbi qüvvələrinin olduğu hava bazasına daxil olur. Bu dəhliz vasitəsilə Hələbdən Xümsə gedən M5 avtomobil yolu ilə rahat bir əlaqə mümkündür. Buradan Beyruta başqa bir dəhlizlə çatmaq olar. 

 

Cənub marşrutu isə Bağdaddakı M1 magistral yolu ilə Mərkəzi İraqdan keçəcək və oradan Suriyanın əl-Tanf şəhərinə, oradan isə Dəməşq və Beyruta çıxır. Cənub marşrutuna alternativ olaraq qəbul edilə bilən üçüncü marşrut da var. Fərat çayı boyunca İraq sərhədindəki Əl-Qaimdən Suriyanın Əbu Kamal, Deyr əz-Zor şəhərlərinə və Xüms qovşağına uzanır. Xümsdən isə Tartus limanının daxil olmaq mümkündür. Tartus limanı da bildiyimiz kimi Rusiyanın nəzarətindədir. Bu həqiqəti göz önündə bulunduranda Rusiyanın niyə Suriyada İrana dəstək verdiyinin, İranın isə Ukrayna savaşında onu niyə silahlı dronlarla təchiz etdiyinin səbəblərini anlaya bilərik. Eynilə Zəngəzur dəhlizi və Qarabağ məsələsində İranla Rusiyanın eyni hədəfdə birləşməsinin sirri də bu ortaq maraqlarda gizlidir. İran faktiki olaraq, öz ərazi üstünlüyündən istifadə edərək bölgə dövlətlərindən “oğurladığı” qlobal dəhlizləri Rusiya ilə bölüşmək niyyətindədir. Baxmayaraq ki, bu dəhlizlər Rusiyadan min km-lərlə uzaqdan keçir.

 

Addım-addım müharibəyə doğru

 

İsrail Suriya müharibəsi başladığı gündən İranın bu layihəsinə qarşıdır. Çünki, onun iddialarına görə, İran bu marşrutdan təkcə Aralıq dənizinə mal nəql etmək üçün istifadə etmir, o, həmçinin Livandakı Hizbullah təşkilatını silahla təchiz edir. Məhz bu səbəbdən də İsraillə yanaşı, onun strateji müttəfiqi ABŞ İranın “şiə marşrutu” adlandırdığı bu yolu bağlamaq istəyirdilər. Bu gün ABŞ hərbi bazalarını İran-Aralıq dənizi marşrutu üzərində yer alan əl-Tanf, Deyr əz-Zor, Rakka, Xüms, Əbu Kamal və Həsəkədə yerləşdirməsi bu mənada təsadüfi deyil. Bəzi iddialara görə, ABŞ-ın Suriyada 30-a yaxın hərbi bazası və obyekti var. Həmin hərbi bazalar İranın Aralıq dənizinə çıxışına nəzarət etmək və ya əngəlləmək məqsədi daşıyır. Yeri gəlmişkən onu da qeyd edək ki, Türkiyə Ordusu da şimal marşrutunun keçəcəyi coğrafiya üzərində PKK/YPG-yə qarşı mübarizə aparır, xüsusilə M-4 yolunu nəzarət altında saxlamağa çalışır.

 

ABŞ və İsrail tərəfindən İranın beynəlxalq nəqliyyat marşrutlarından kənarda saxlamaq siyasətləri həm İraqda, həm də Suriyada İranla onlar arasında tez-tez hərbi toqquşmalara yol açır.  Biz vaxtaşırı Deyr əz-Zorda (bu rayonda ABŞ-ın 2 hərbi bazası fəaliyyət göstərir. Onun ən çox hərbi bazası isə Həsəkədədir – 17 baza), yaxud Xümsdə yerləşən ABŞ hərbi bazalarına İrana bağlı qüvvələrin dron hücumları barədə məlumatlar alırıq. Eyni zamanda İsrail hərbi təyyarələrinin tez-tez Deyr əz-Zor və Dəməşq yaxnlığındakı İran hərbi bazalarını vurduğu da sirr deyil. 

 

Xüsusilə son zamanlar İranın marşrutları üzərində ciddi hadisələr yaşanır. Suriyanın cənubunda dürzilərin üsyan qaldırdıqları və müstəqillik tələblərini irəli sürdüyü bildirilir. Dürzilərin mühüm qisminin İsraildə yaşadığı və Suriya dürzilərinin də İsrail sərhədlərinə yaxın yerlərdə məskunlaşdığını nəzərə alsaq, bu üsyanlarda Tel-əvivin də barmağı ola biləcəyi ehtimalı doğur. 

 

Digər tərəfdən Suriyanın şimalında ərəb əşirətləri ilə PKK ünsürləri arasında ciddi qarşıdurmaların yaşandığı da gələn bilgilər arasındadır. Ərəb əşirətləri PKK ünsürlərinin Deyr əz-Zordan çəkilməsini tələb edirlər. Həmin ərəb tayfaları əsasən sünnilərdir və rahatlıqla İrana qarşı mövqe sərgiləyə bilərlər. Zənnimizcə, ABŞ da artıq azlıqda olan kürd separatçılarındansa, sünni ərəblərlə əməkdaşlıq etməyin İranı əngəlləməkdə daha təsirli vasitə olduğuna inanmağa başlayıb və Türkiyə ilə də münasibətlərini korlamamaq üçün PKK/YPG ünsürləri ilə məsafə saxlamağa qərar verib. 

 

Bənzər hadisələr İraqda özünü büruzə verir. Əsasən Süleymaniyyədə məskunlaşan kürd əsilli Təlabani tayfası əsasən İranla yaxındır və onlar PKK ilə əlaqələrini möhkəmlətməyə çalışırlar. İraq Kürdüstanının əsas siyasi qüvvəsi sayılan Bərzanilər isə Türkiyə ilə daha yaxın münasibətlər qurublar və Təlabaniyə qarşı ərəb və türkmənlərlə müttəfiqlik edirlər. Maraqlıdır ki, İranın ən əsas Aralıq dənizi marşrutu da bu bölgədən keçir və kürdlər arasındakı parçalanmışlıq nəqliyyat dəhlizinin şimal qolunun İraq üzərində əngəllənməsi üçün münbit şərait yaradır.

 

Regionun belə qarmaqarışıqlıq dövründə İsraildə savaş çıxmamışdan bir gün əvvəl Xümsdəki Suriya hərbi bazasına silahlı PUA-larla hücumlar təşkil olundu. Hücum nəticəsində aralarında ali rütbəli hərbçilərin də yer aldığı 240-dan çox zabit və əsgər həlak oldu. Yüzlərlə rejim tərəfdarı əsgər yaralandı. Hadisənin kim tərəfindən törədildiyi bəlli olmasa da, Suriya rəsmilərinin əsasən ABŞ və İsrail tərəfindən maliyyələşdirilən terrorçulardan şübhələndiyi bildirilir. Mümkündür ki, öldürülən hərbçilər arasında İrana bağlı yüksəkrütbəlilər də olsun.

 

Bir sözlə, İran beynəlxalq marşrutların keçəcəyi bütün sahələrdə sıxışdırılır və bəzi zərurətlər onu adekvat addımlar atmağa vadar edir. Bu baxımdan, İsrailə hücumda İranın barmağının olması da mümkündür. Görünür, İran əzəli düşməninə cavabı özünə bağlı qüvvələr vasitəsilə verməyə çalışıb.

 

Çinin və Rusiyanın maraqları

 

Sözsüz ki, İran təkbaşına İsrailə və ABŞ-a “kəllə atmağa” cəsarət edə blməz. Böyük ehtimalla onu cəsarətləndirən başqa güc mərkəzləri də var. Bu güc mərkəzləri arasında Rusiya və “Baharat dəhlizinin” açılmasından narahat olan Çin də yer ala bilər. Rusiyanın burda marağına yuxarıdakı sətirlərdə az-çox aydınlıq gətirdik. Çinə gəlincə, Pekin “Baharat yolu” dəhlizinin onun “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ kimi yaradıldığının və körfəz ölkələrinin onun əlindən alındığını düşünür. Belə ki, bir müddət əvvəl İranla Səudiyyə Ərəbistanını barışdıran Çin bu iki ölkədən sonra Pakistanı da onlara qoşub “Bir Kəmər, Bir Yol” layihəsinin cənub marşrutunu Yaxın Şərqin bu iki əzəli düşmən üzərindən çəkmək xəyalları qururdu. ABŞ isə Səudiyyə Ərəbistanı ilə İsraili yaxınlaşdıraraq Tehranla əl-Riyad arasındakı əzəli düşmənçiliyi yenidən aktual tutmağı bacardı. Bu da İran qədər Çinin də maraqlarını tapdalayır.

 


ABŞ-ın marağı

 

Fikrimizcə, İsrailin və Netanyahu hökumətinin cəzalandırılması ABŞ-ın da maraqlarına uyğundur. Çünki Netanyahunun ultra-millətçi siyasətləri ABŞ-ın Yaxın Şərqdə yürütdüyü “İbrahim razılaşması” planına zidd idi. Vaşinqton bu planla Yaxın Şərqdə stabilliyi pozan ərəb-yəhudi böhranını aradan qaldırmaq, daha yaşana bilən bir region qurmaq arzusundadır. Əsas məqsədlərdən biri isə İranı təkləmək, bütün regional qüvvələri ona qarşı birləşdirməkdir. Əks halda, regionda Çinin və Rusiyanın mövqeləri möhkəmlənə bilər. Bu baxımdan Tel-əvivin radikal anti-İran mövqeyi isə ABŞ-ın işinə gəlmir. Hətta iki strateji müttəfiq arasında ziddiyyətlər o həddə çatıb ki, Netanyahu bu yaxınlarda ABŞ-da səfərdə olarkən, o, Ağ evə belə dəvət edilməmişdi. 

 

Digər tərəfdən, Çini əngəlləyib Hindistanı inkişaf etdirmək də əslində ABŞ-ın maraqlarına tam cavab vermir. Belə ki, ABŞ-ın məqsədi özünün iqtisadi gücünə meydan oxuyan və ya oxuyacaq qüvvəni sıradan çıxarmaqdır. Yalnız Çinin iqtisadi inkişafını əngəlləmək, Hindistanın yüksəlməsinə göz yummaq isə bu problemi həll etmir. Sadəcə bir təhlükənin əvəzinə bir başqa təhlükə yaradır. Bu durumda ən yaxşı çözüm yolu iki düşməni bir-biri ilə döyüşdürmək və hər ikisini nakaut vəziyyətinə salmaqdır. Hesab edirəm ki, ABŞ Hindistanı məhz bu məqsədlə dəstəkləyir, Çinlə qarşı-qarşıya qoymağa çalışır. Amma heç bir halda onlardan hansısa birinin inkişafına səbəb olacaq dəhlizin fəaliyyətə keçməsini arzulamır. G-20 zirvəsində Hindistanla Səudiyyə Ərəbistanı və İsraili yaxınlaşdırmaqla  əslində bu arzusuna böyük ölçüdə nail oldu.

 

Netanahu siyasətinin dünyadakı yəhudi lobbisi və İsrail Silahlı Qüvvələrinin hərbi elitası tərəfindən də bəyənilmədiyi bildirilir. Onun son zamanlar həyata keçirməyə çalışdığı bəzi islahatların İsrailin demokratik dövlət xarakterinə zərbə vuracağı düşünülür. Hətta buna etiraz edən bəzi ordu mənsublarının öz xoşları ilə istefa verdikləri və ya tətilə çıxdıqları qeyd olunur. Bir sözlə, Netanyahu ilə İsrail hərbi və kəşfiyyat elitası arasında da ciddi problemlər yaşanır. Bəzən adama elə gəlir ki, son insidentdə İsrail dərin dövlətinin də barmağı var. Hər halda dünyada kəşfiyyat orqanları arasında öz ağırlığı və çevikliyi ilə seçilən MOSSAD kimi qurumların HƏMAS-ın hazırlaşdığı təxribat planından xəbər tutmaması və əks tədbirlər almaması inandırıcı görünmür.

 

Bütün deyilənlərdən gəlinən son nəticə HƏMAS hücumunun arxasında böyük güclərin dayanmasıdır. Əsas məqsədlərdən biri isə “Baharat dəhlizi” projesinin qarşısını almaq ola bilər.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 7 079          Tarix: 8-10-2023, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma